•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ 5-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

    DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ  DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ 5-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB









    Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi ilə birgə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
    Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak ediblər.
    Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilk öncə başda general-leytenant Arzu Rəhimov olmaqla Xidmətin bütün şəxsi heyətini, o cümlədən də Daşkəsən rayon bölməsinin əməkdaşlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə səmimi-qəlbdən təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır. Azərbaycanda fəaliyyəti ilə seçilən, ictimaiyyətin daim diqqət mərkəzində olan dövlət qurumları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünəməxsus yerini vurğulayan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev dərin məzmunlu nitq söyləmişdir. O, çıxışında demişdir:
    - Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 13 fevral 2012-ci il tarixli Fərmana əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması, səlahiyyətlərinin genişləndirilməsi vaxtında atılmış mühüm və uğurlu addımlardan biridir. Bu gün Dövlət Xidmətinin yaranmasından beş il ötür. Ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurlu inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm tədbirlər görülüb.
    Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev son dövrlər ölkədə keçirilən hərbi təlimlər zamanı Səfərbərlik Xidmətinin Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyətindən də danışaraq qeyd etmişdir:
    - Bu təlimlər zamanı uğurla həyata keçirilən səfərbərlik prosesi Dövlət Xidmətinin öz işini günün tələblərinə uyğun qurmasının nəticəsidir. Bu, ehtiyatda olan bütün insanları sevindirir. Çünki biz də hər zaman özümüzü Silahlı Qüvvələrin və Səfərbərlik Xidmətinin tərkibində görürük, hər zaman səfərbər olmağa hazırıq. Bunu əməlimizlə də təsdiq etmişik. Qeyd edim ki, 2015-ci ilin fevral və sentyabr aylarında Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən səfərbərlik təlimlərinin keçirilməsi haqqında verilmiş tapşırıqlar Daşkəsən rayonu tərəfindən uğurla icra edilmişdir. Hərbi vəzifəlilərin və texnikaların qısa müddət ərzində təyin olunmuş hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilmişdir. 2015-ci ilin sentyabrın 12-də Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhrada Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun cəbhəboyu zonada yerləşən rayon icra hakimiyyətlərinin başçılarının iştirakı ilə keçirilən müşavirədə səfərbərlik işini yüksək səviyyədə təşkil etdiyinə görə Daşkəsən rayonun adı birincilər sırasında qeyd olunmuşdur.
    Çıxışında Əhəd Abıyev 2016-cı ilin aprel döyüşlərindən, habelə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasını ilə bağlı tədbirlərdən də geniş söhbət açmışdır:
    - 2016-cı ilin uğurlu aprel döyüşlərini qiymətləndirərkən ölkə Başçımız demişdir: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”. Xüsusi vurğulanmalıdır ki, aprel döyüşləri xalqımızın yenilməzlik, mübarizlik əzmi ilə yanaşı, həm də Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin tam qətiyyətini göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan dədə-baba torpaqlarından bir qarışını belə verməyəcək və ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Eyni zamanda da bu uğurlu əməliyyat işğalçı Ermənistan rejiminin özünü dərindən sarsıtdı. Qurur hissi ilə deyirəm, həmin döyüşlərdə daşkəsənli gənclər də iştirak etmiş, rəşadət göstərmişlər. Daşkəsən rayonu işğal altında qalmış Kəlbəcər rayonu ilə 23 km, mənfur Ermənistanla 8 km həmsərhəddir. Bu amillər də daşkəsənli gənclərin vətənpərvərlik hislərini daha da coşdurur. Aprel döyüşləri gedən müddətdə biz rayon ictimaiyyəti hamılıqla silaha sarılıb möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə döyüşlərə atılacağımız anı gözləyirdik, bu gün də səbirsizliklə gözləyirik.
    1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin əvvəllərində Ulu öndərin rəhbərliyi altında Azərbaycan Ordusunun keçirdiyi Horadiz əməliyyatı zamanı erməni işğalından azad edilmişdi. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burda yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında keçirilmiş uğurlu aprel döyüşləri və 24 yanvar 2017-ci il tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı xalqımıza ötən il qələbə sevincini, bu il isə yurda qayıdışın qürur dolu hisslərini yaşatdı. 2003-cü ilin payızından etibarən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə, ölkəmizin ərazi bütövlüyünün bərpasına, qaçqın-köçkünlərimizin yurd-yuvalarına qayıtmasına çalışan Prezident cənab İlham Əliyev qarşıya qoyduğu məqsədlərə mərhələ-mərhələ nail olur. Ötən ilin aprel döyüşləri də, bu ilki Cocuq Mərcanlıya qayıdış layihəsi də həmin mərhələlərin tərkib hissələridir. Daha böyük sevinclər və daha uğurlu əməliyyatlar isə qabaqdadır.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin fəaliyyətindən danışan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışının sonunda demişdir: “İnanırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar. Bu yolda onlara uzun ömür, cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Vətən naminə fədakarlıq göstərən əziz insanlar, peşə bayramınız bir daha mübarək olsun!”
    Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor İxdiyar Əhmədov bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət göstərdiyi ötən 5 il ərzində ölkədə səfərbərlik işini təşkil etmiş, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışçıların müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə həyata keçirmiş, şəffaflıq prinsiplərinə əsaslanaraq dövlət orqanı kimi özünü doğrultmuşdur. İxdiyar Əhmədov onu da qeyd etmişdir ki, 2016-cı ilin aprel döyüşlərində ordumuzun uğurlu döyüş əməliyyatlarından ruhlanan yaşından asılı olmayaraq yüzlərlə rayon sakini döyüşlərdə iştirak etmək üçün bölməyə müraciətlər etmişlər. Sadalanan bu göstəricilər isə, əlbəttə ki, rayonda olan hərbi vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından irəli gəlir.
    Sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev də çıxış edərək ilk öncə Xidmətin əməkdaşlarını təbrik etmişdir. M.Yolçuyev çıxışında xüsuslə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin “Yeni Müsavat” qəzetinə 11 fevral 2017-ci il tarixli müsahibəsi barədə toplantı iştirakçılarına ətraflı məlumat vermiş və bildirmişdir ki, həmin müsahibəsində Əhəd Abıyevin bütün rayon icra hakimiyyəti başçılarının Prezident Administrasiyasının razılığı əsasında qruplar halında Cocuq Mərcanlıya səfər etməsi təklifini rayon ictimaiyyəti, Daşkəsəndən seçilmiş deputatlar və YAP fəalları ürəkdən dəstəkləyirlər.
    Sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev, şəhid anası Qızbəs Abbasova, Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov, Qarabağ müharibəsi veteranı Vilayət İbrahimov və Bayan kənd tam orta məktəbin hərbi rəhbəri Adil Məmmədov çıxış edərək öz təbriklərini çatdırmış, Xidmətin işinə yeni-yeni uğurlar arzulamışlar.
    Tədbirin sonunda Dövlət Xidməti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin bir qrup əməkdaşına fəxri fərman və mükafatlar təqdim edilmişdir.

    Elmar VÜQARLI

    Azərbaycan Yazıçılar Birliyinin üzvü


    DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ  DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ 5-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

    DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ  DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ 5-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)